“Dünya dövlətləri tərəfindən COP 29-un sessiyasının gələn il Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilməsi Azərbaycan dövlətinə böyük hörmətin və etimadın nümunəsidir. Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır. Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırmışdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamilə Əliyeva bildirib.
K.Əliyeva qeyd edib ki, COP 29-un ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti var. Onun sözlərinə görə, Azərbaycanın öz ərazisi olan Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsindən qısa müddət sonra bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqda qərarın qəbul edilməsi dünya dövlətlərinin Azərbaycana dəstəyinin bariz nümunəsidir.
“Azərbaycan beynəlxalq hüquq prinsiplərinə və qanunlarına əsasən öz ərazisində antiterror tədbirləri keçirməklə suverenliyini bərpa etdi və separatizmin kökünü kəsdi. Bəzi Qərb dövlətləri, xüsusən Fransa ölkəmizə qarşı əsassız, qərəzli bəyanatlar səsləndirir və bu çirkin əməllərindən əl çəkmirlər. Artıq bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri də Azərbaycanın qələbəsini qəbul edib və ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər. Ermənistan dövləti də bu reallığı gəbul edib və COP 29 konfransının Azərbaycanda keçirilməsinin lehinə səs vermişdir. Bütün bunlara baxmayaraq çox təəssüf ki, bu gün Qərbdəki bəzi dövlətlər "ikili standart" siyasəti həyata keçirirlər. Azərbaycan isə hər zaman dünyada sülhün, ədalətin yanında olduğunu bəyan etmişdir. Prezident cənab İlham Əliyevin apardığı bu siyasətin nəticəsidir ki, artıq 4-cü ildir Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Dünyanın 120 ölkəsi yekdilliklə Azərbaycanın sədrliyini dəstəkləmişdir. Bu dəfə də dünya dövlətləri ölkəmizə öz dəstəyini göstərdi”.
COP 29 konfransının dünyada ən mötəbər beynəlxalq tədbir olduğunu qeyd edən deputat, gələn il 2 həftə bütün dünyanın gözünün Azərbaycanda olacağını deyib. Təqribən 70-80 min xarici qonağın Bakıya səfəri gözlənilir.